İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib) - Fotolar
Tarix: 07-11-2025 21:17 | Bölmə: Gündəm
İlham Əliyev Məhəmməd Şahbaz Şəriflə görüşb - (Yenilənib)

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 7-də Azərbaycana səfərə gəlib.

Reyting.az
xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşüb.

Reyting.az
xəbər verir ki, İlham Əliyev Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Dövlət başçısı və Pakistanın baş naziri birgə foto çəkdiriblər.

Görüşdə dövlət başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi paradda iştiraka görə Məhəmməd Şahbaz Şərifə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirib.

Parada dəvətə görə minnətdarlığını bildirən Pakistanın baş naziri burada iştirak etməkdən məmnunluğunu vurğulayıb. Qonaq prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək, paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli bayrağı ilə bəzədildiyini diqqətə çatdırıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirilib, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunulub. İkitərəfli ticarət dövriyyəsində artım məmnunluqla vurğulanaraq, siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi-ticari əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfindən Pakistandan idxal olunan düyüyə və 15 adda digər məhsula güzəştli ticarət tariflərinin tətbiqinin iqtisadi-ticari əlaqələrin inkişafında mühüm amil olduğu bildirilib.

Bu ilin birinci yarısında Hökumətlərarası Kommisiyanın iclasının uğurla keçirildiyi xatırlanıb, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin tezliklə qarşılıqlı səfərlər həyata keçirməsi ilə bağlı razılıq əldə olunub.

İşğaldan azad olunmuş ərazilərimizdə icra edilən bərpa və quruculuq işlərində Pakistan şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli münasibələrimizin perspektivləri müzakirə edilib.

***

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif birgə nahar ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.






Bölməyə aid digər xəbərlər