3D-bioprinter tibb aləmində yenilik olacaq
Tarix: 17-10-2025 08:05 | Bölmə: Cəmiyyət
3D-bioprinter tibb aləmində yenilik olacaq

Almaniyanın elm adamları bədəndaxili 3D-bioprinter hazırlamaqla, dünya tibb sahəsində yeni əməliyyatsız regenerasiya dövrünün başlandığını bəyan ediblər. Bu tədqiqat Ştutqard Universitetinin alimi Andrea Tuluzanın rəhbərliyi ilə aparılır.

Reyting.az
-ın məlumatına görə, Ştutqart Universitetindən olan alimlərin elmi çalışmaları demək olar, öz nəticəsini verib və tədqiqatlar qrupu insan bədəni daxilində canlı toxuma yarada bilən mini 3D-printer icad ediblər. Bu yeni cihaz adi qələm qalınlığında olsa da, zədələnmiş nahiyədə birbaşa qığırdağı, həm də əzələ toxumasını "çapıb" həmin sahədə "canlı və sağlam dəri" hazırlamağı, xəstə orqanı yenisi ilə əvəz etməyi bacarır.

"Carl Zeiss Foundation" tərəfindən qrant kimi ayrılan 2 milyon dollarlıq maliyyənin hesabına reallaşan, eyni zamanda "3D Endoscopic Microfabrication" tədqiqatlar qrupunun tərkibində həyata keçirilən bu yeni kəşfin köməyi ilə texnologiya endoskop və optik lif vasitəsilə işləməklə, əməliyyatsız bərpa prosesləri aparmaq mümkün olacaq.

Bu cihazın əsasında lazer şüası ilə işləyən optik 3D-çap dayanır. Yeni ixtira barədə məlumat verən mütəxəssislər bildiriblər ki, biouyğun "bio-mürəkkəblər", eləcə də canlı hüceyrə və polimerlər qarışıqları mikromiqyasda bərkidiləcək, daha sonra isə dəqiqliklə orqanizmdə regenerasiyanı başlada biləcək.

Bu yeni tədqiqatları elmi baxımdan daha da mükəmməl vəziyyətə gətirmək məqsədilə araşdırmalar hələ də davam edir. Tədqiqatlara almaniyalı digər bir məşhur elm adamı da cəlb olunub. Təkcə Almaniyada yox, alim kimi Avropa miqyasında çox yaxşı tanınan Maykl Haymanın rəhbərliyi altında fəaliyyət göstərən biomateriallar institutu birgə araşdırmalarda mütləq qalib çıxacaqlarına əmindir.

Haymanın proseslərdə iştirakının əsas məqsədi ixtiranı daha da yeniləyib mükəmməlləşdirməkdir. Haymanın tədqiqat qrupunun köməyi ilə alimlər iltihab yaratmayan, həmçinin tam parçalana bilən bio-mürəkkəblər vasitəsi ilə orqanizmin özünübərpa qabiliyyətini aktivləşdirmək niyyətindədirlər.

Yeni layihə "Bionic Intelligence Tübingen Stuttgart"la və "Cyber Valley" şəbəkələri ilə də əməkdaşlıq edir. Almaniyalı alimlər ilk mərhələdəki sınaq təcrübələrinin çox böyük uğurla həyata keçdiyini söyləsələr də buna arxalanmadıqlarını, yaxın illərdə cihazın yenidən tibbi sınaqlara çıxacağını planlaşdırdıqlarını bildiriblər.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər