Bakıda TDT-nin Media Forumu keçirilib - (Yenilənib) - Fotolar
Tarix: 27-11-2025 17:56 | Bölmə: Gündəm
Bakıda TDT-nin Media Forumu keçirilib - (Yenilənib)

Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu keçirilir.

Reyting.az
xəbər verir ki, Forum çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiya təşkil ediləcək.

Panel sessiyanın gedişatında iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətini müzakirə edəcəklər.

“Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda təşkil ediləcək ikinci panel sessiyada isə rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər, TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılacaq.

Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış edəcək.(APA)

***

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumunun ilk günü başa çatıb.

Reyting.az
xəbər verir ki, Forum çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Türk dövlətlərı arasında rəqəmsal media mühitində qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunmuş panel sessiyalar müzakirə edilib.

Birinci paneldə türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək istiqamətində müxtəlif tezislər səsləndirilib və fikir mübadiləsi aparılıb.

Paneldə həmçinin müasir çağırışlar fonunda dezinformasiya ilə mübarizə barəsində də müzakirələr aparılıb.

İkinci paneldə isə türk dövlətləri arasında media sahəsində mübadilə və əməkdaşlıq perspektivləri əsas motiv olub.

Qeyd olunub ki, hazırkı texnoloji inkişaf dövründə sözügedən sahə üzrə mübadilə və əməkdaşlıq çərçivəsində işbirliyi üçün geniş imkanlar mövcuddur.

Panellər başa çatdıqdan sonra isə Ümumdünya Şəhərsalma Forumunun media münasibətləri üzrə meneceri Eldar Rəsulov gələn il Bakıda keçiriləcək forum barəsində məlumat verib.






Bölməyə aid digər xəbərlər