Belçika Rusiya aktivlərindən mənfəətini Ukraynaya göndərmir
Tarix: 28-11-2025 15:45 | Bölmə: İqtisadiyyat
Belçika Rusiya aktivlərindən mənfəətini Ukraynaya göndərmir

Avropa Birliyi ölkələri Belçikaya getdikcə daha çox təzyiq göstərir ki, Brüsseldə saxlanılan dondurulmuş Rusiya aktivlərindən əldə olunan 140 milyard avroluq vergi gəlirləri ilə bağlı tam məlumat versin.

Reyting.az
xəbər verir ki, bir sıra Avropa İttifaqı (Aİ) ölkələri Bart de Vever hökumətini məlumatı tam açıqlamamaqda ittiham edir.

Avropa Komissiyası bütün 27 üzv ölkənin Ukrayna iqtisadiyyatını xilas etmək üçün Rusiya ehtiyatlarından əldə olunan mənfəəti Ukraynaya təzminat krediti kimi yönləndirməyə razılaşmasını istəyir. Qərarın 18 dekabrda keçiriləcək sammitdə qəbul ediləcəyi gözlənilir. Lakin Belçikanın baş naziri Bart de Vever buna müqavimət göstərir. O, iddia edir ki, əgər Rusiya bu vəsaitlərin geri qaytarılmasını tələb edərsə, Belçika həmin pulları ödəmək riski ilə üzləşəcək.

Məlumata görə, müxtəlif Avropa ölkələrindən olan beş diplomat Belçikanın gizli məqsədi olduğunu iddia edir: həmin aktivlər ölkəyə ciddi vergi gəliri gətirir.

Diplomatlar bildiriblər ki, ötən il Belçika bu vəsaitlərdən əldə edilən vergi gəlirlərinin necə istifadə olunduğunu açıqlamaq üçün beynəlxalq öhdəlik götürüb və bu pulların Ukraynaya yönləndirilməli olduğunu bildirib. Lakin vergilər hələ də Belçikanın büdcəsinə daxil olur və verilən vədlərin yerinə yetirilib-yetirilmədiyini yoxlamaq mümkün deyil.

Diplomatların fikrincə, əgər Belçika dondurulmuş vəsaitlərin Ukraynaya köçürülməsini bloklamağa davam edərsə, Aİ sammitinə qədər üzv ölkələr Belçikanın bu vergilərdən qazanc əldə edib-etməməsi və Kiyevə ödənişləri gecikdirib-gecikdirməməsi ilə bağlı sualları artıracaq.

Bu vəsaitlərin hərəkətini izləmək çətindir. Məsələn, Kiel İnstitutu Belçikanın Ukraynaya qarşı ümumi öhdəliklərini müharibənin başlanğıcından 31 avqust 2025-ci ilədək 3,44 milyard avro məbləğində qiymətləndirir. Müqayisə üçün, təkcə 2024-cü ildə Rusiya aktivlərindən əldə edilən vergi gəlirləri 1,7 milyard avro təşkil edib.

Belçika hökuməti tənqidləri rədd edir və Brüsseldə “Euroclear”da saxlanılan aktivlərdən əldə olunan vergi gəlirlərinin hamısının Ukrayna üçün “qorunduğunu” bildirir. Lakin bu vəsaitlərin tam şəkildə köçürülüb-köçürülmədiyi barədə birbaşa cavab verilmir. Belçika əlavə olaraq bildirir ki, Ukraynaya yalnız bu vergi gəlirləri ilə deyil, həm də hərbi və digər dəstək məqsədilə təxminən 1 milyard avro ayırıb.

Qeyd edək ki, Rusiya aktivləri Brüsseldə yerləşən “Euroclear” depozitariyasında saxlanıldığı üçün Belçika faiz gəlirlərindən 25 faiz korporativ vergi tutur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb