Quterreş: Dünya Ukrayna böhranının həllindən uzaqdır
Tarix: 03-12-2025 20:48 | Bölmə: Siyasət


“Ukraynada münaqişə hələ də nizama salınmadan çox uzaqdır, çünki Rusiya və Kiyev arasında əldə olunan razılaşmalar bir-biri ilə uyğun gəlmir”.

Reyting.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş ABŞ-ın Ukrayna böhranının həlli istiqamətindəki diplomatik səylərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bir razılaşma Rusiya ilə əldə olunur, sonra başqa bir razılaşma Ukrayna ilə bağlanır və onlar bir-biri ilə uyğun gəlmir. “Sonra onlar [ABŞ] yenidən Rusiyaya müraciət edirlər. Açığı, hesab edirəm ki, biz hələ də həll yolundan uzağıq”, - deyə Baş katib əlavə edib.

Xatırladaq ki, Vaşinqton daha əvvəl Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə 28 maddədən ibarət bir plan təklif etmişdi. Sənəd Kiyev və onun Avropadakı tərəfdaşlarının narazılığına səbəb olmuş, onlar planı ciddi şəkildə dəyişməyə çalışmışdılar. 23 noyabrda ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparıblar. Daha sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, ilkin sülh planı Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenilənib və cəmi bir neçə mübahisəli məsələ qalıb. O həmçinin qeyd edib ki, maddələrin sayı 22-yə endirilib.

30 noyabrda Floridada ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr keçirilib. Görüşdə münaqişənin dayandırılması yolları, iqtisadiyyat və təhlükəsizlik sahələrində uzunmüddətli həll variantları, Ukraynada seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsi müzakirə olunub.

E. KAMAL





Bölməyə aid digər xəbərlər