Putin Venesuela və İran barədə susur
Tarix: 16-01-2026 08:28 | Bölmə: Siyasət

Putin Venesuela və İran barədə susur

Kreml rəsmiləri prezident Vladimir Putinin "əsas xarici siyasət məsələləri" ilə bağlı açıqlama verəcəyini vəd etsələr də, Rusiya dövlət başçısı çıxışında nə İrandan, nə də Venesuela hadisələrindən danışıb.

Reyting.az xəbər verir ki, V. Putin Kremlin ev sahibliyi etdiyi diplomatik etimadnamələrin təqdimatı mərasimində çıxış edib. Lakin o, ABŞ-nın adını çəkmədən sadəcə ənənəvi tezislər səsləndirməklə kifayətlənib.

Təqdimat mərasimində çıxış edən Putin beynəlxalq vəziyyətin getdikcə daha da pisləşdiyini, diplomatiyanın yerini birtərəfli addımların aldığını bildirib. O, beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulamaqla yanaşı, qeyd edib ki, Rusiya həmişə olduğu kimi çoxqütblü dünya ideyasına sadiqdir.

Daha sonra Rusiya prezidenti əlavə edib ki, bir ölkənin təhlükəsizliyi digərlərinin hesabına təmin edilə bilməz.

Rusiya dövlət başçısı müharibə reallığını da önə çəkib. Ukrayna ətrafındakı böhranın Rusiyanın maraqlarının nəzərə alınmaması səbəbindən, eyni zamanda NATO-nun sərhədlərə doğru genişlənməsi nəticəsində yarandığını söyləyən Putin iddia edib ki, Kiyev uzunmüddətli sülhə hazır deyil.

Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın dövlət başçısı kimi Putin Kiyevin bu cür anlayışının gələcəyinə ümid etdiyini, lakin həmin vaxta qədər Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmağa davam edəcəyini də vurğulayıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər