Danimarkada ABŞ-a qarşı kütləvi etiraz aksiyaları keçirilir
Tarix: 19-01-2026 00:52 | Bölmə: Siyasət

Danimarkada ABŞ-a qarşı kütləvi etiraz aksiyaları keçirilir

ABŞ-nın Qrenlandiyaya dair iddiaları Danimarkada kütləvi etirazlara səbəb olub. Danimarkanın paytaxtı Kopenhagen də daxil olmaqla, ölkənin bir neçə şəhərində bu iddialara qarşı genişmiqyaslı nümayişlər təşkil edilib.

Reyting.az xəbər verir ki, bu barədə Danimarka mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Qrenlandiyaya dəstək məqsədilə keçirilən aksiyalar Olborq, Orxus, Odense və Kopenhagendə baş tutub.

Bildirilir ki, Kopenhagendə bələdiyyə binası qarşısındakı meydana çoxlu sayda nümayişçi toplaşıb. Məlumata görə, izdihamın miqyası o qədər böyükdür ki, iştirakçıların dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.

Aksiya iştirakçıları Qrenlandiya bayraqları qaldıraraq “Əllərinizi çəkin!” və “Həmrəylik!” kimi şüarların yazıldığı plakatlar nümayiş etdiriblər.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir. Lakin ABŞ prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-nın bir hissəsinə çevrilməli olduğunu bildirib. Danimarka və Qrenlandiya hakimiyyətləri isə Vaşinqtonu adanı ələ keçirməmək barədə xəbərdar edərək, onların ərazi bütövlüyünə hörmət göstərilməsini tələb ediblər.

Y. QACAR





Bölməyə aid digər xəbərlər