"Facebook"un zərərli sosial şəbəkə olduğu üzə çıxıb
Tarix: 24-11-2025 17:47 | Bölmə: Cəmiyyət
"Facebook"un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

"Facebook" müxtəlif yaş qrupuna aid istifadəçilərin psixoloji durumuna mənfi təsir göstərir və bu barədə bütün məlumatları bilərəkdən gizlədir.

Reyting.az
"Reuters" informasiya agentliyinə istinadla xəbər verir ki, bu, "Facebook"-un sahibi "Meta" şirkətinin apardığı araşdırmalar zamanı üzə çıxıb.

Məlumatda qeyd edilir ki, "Facebook" və "Instagram"ın sahibi olan "Meta" şirkəti bu barədə xəbərlər mediaya sızdıqdan sonra təcili tədbirlərə başlayıb. Şirkət platformalarının istifadəçilərə psixoloji zərər vurduğunu göstərən yeni "Project Mercury" adlanan araşdırmaları yarımçıq dayandırmaqla, informasiyaları gizlətməyə çalışsa da, bu sənədlər üzə çıxıb. Həmin sənədlər artıq ABŞ-dakı müxtəlif məktəb dairələrinin sosial şəbəkələrin yeniyetmələrə zərəri ilə bağlı "Meta" şirkətinə qarşı məhkəmə işlərinə daxil edilib.

2020-ci ildə aparılan böyük araşdırma zamanı istifadəçilərdən bir həftə ərzində "Facebook"a girməmək xahiş edilib, lakin nəticədə onlar bildiriblər ki, "depressiya, həyəcan, tənhalıq hissi və sosial təzyiqin azaldığını" hiss ediblər. Bundan sonra isə layihə dayandırılıb, ancaq son nəticələr açıqlanmayıb.

"Meta" şirkəti isə bu ittihamları rədd edib və bildirib ki, xüsusi məqsəd güdmədən araşdırmaları metodoloji çatışmazlıqlara görə dayandırıblar. Onlar həmçinin yeni araşdırmalarla, yəni "Facebook" ilə bağlı çoxlu şişirdilmiş, təhrif edilən fikirlərin də yer aldığını vurğulayıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər