“Azəristiliktəchizat” insanları təhlükəli vəziyyətlə üzləşdirib
Tarix: 28-11-2025 12:10 | Bölmə: Cəmiyyət
“Azəristiliktəchizat” insanları təhlükəli vəziyyətlə üzləşdirib

Səbail rayonu, Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi, 1 ünvanında yerləşən yaşayış binasında artıq 15 gündür mərkəzi istilik sistemi işləmir və mənzillərə istilik verilmir.

Bunu Reyting.az-a sakinlər bildiriblər.

Onların sözlərinə görə, uzun müddət ərzində problemin aradan qaldırılmaması xüsusən də yaşlıların və uşaqların sağlamlığını təhlükə altına qoyub.

Səbrlərinin tükəndiyini bildirən sakinlər deyiblər ki, daha acınacaqlısı həmin binanın birinci mərtəbəsində uşaq poliklinikasının yerləşməsidir. İstiliyin olmaması səbəbindən poliklinikanın otaqlarını qızdırmaq mümkün olmur. Bu şəraitdə tibbi xidmətin göstərilməsi bir yana, poliklinikaya müraciət edən uşaqlar əlavə xəstəlik riski ilə üz-üzə qalırlar.

Sakinlər əlavə ediblər ki, istiliyin verilməməsi nəticəsində mənzillərdə artıq nəmişlik yaranıb, divarlar zədələnib və yaşayış şəraiti pisləşib.

Şikayətçilər dəfələrlə “Azəristiliktəchizat” ASC-yə müraciət etsələr də, qurum problemin həllinə çalışmır. Əksinə, ASC nümayəndələri problemin guya su sızıntısı ilə bağlı olduğunu, hətta sızıntını da sakinlərin tapmalı olduğunu bildiriblər. Bu yanaşma isə açıq-aşkar məsuliyyətdən yayınmaq və dövlət qurumunun öz funksiyasını yerinə yetirməkdən imtina etməsidir.

Sakinlər “Azəristiliktəchizat” ASC-dən problemə dərhal müdaxiləni, istilik təminatını bərpa etməyi və məsul şəxslərin bu laqeydliyə görə cavab verməsini tələb edirlər.

Şikayətçilər sonda əlavə ediblər ki, problemin həllinin bu qədər uzanması adi texniki nasazlıqdan yox, biganəlik və vəzifə səhlənkarlığından qaynaqlanır.

V. QULİYEV

Reyting.az “Azəristiliktəchizat” ASC-nin məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər