Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 25-05-2017 09:48 | Bölmə: Mahir Qabiloğlu

– Sərvinazın qızını Abbasəlinin oğluna nişanlayıblar. Avaranın biridir. Hayıf o qızdan. Yaxşı qızdı. Hamamda görmüşəm.
– Yenə başladın, ay arvad?..
Bu, 1977-ci ildə çəkilən "Arxadan vurulan zərbə” filmindən bir parçadır – Rasim Balayevin oynadığı sürücü İmaşın anasıyla dialoqu. Sovet dövrü olmasına baxmayaraq, analar hələ də hamamda subay qızlara göz yetirirlərmiş. Əlbəttə ki, subay oğlanlarını evləndirmək fikrində olan analar.
Bəs lap qədim zamanda, qadınların çarşabda gəzdiyi dövrlərdə necəymiş? "Arşın mal alan” filminə istinad etsək, o vaxt da subaylar üçün qız bəyənmək ana, xala, bibilərin vəzifəsiymiş. Hardansa bir arşınmalçı qoçaq çıxaraq, soxur bəyin papağını yerə. Üzeyir Hacıbəyov da tez bunu əsərə çevirib yayıb Azərbaycana. Daha doğrusu, gənc oğlan və qızların beyninə yeni ideya salır. Amma demə hamamda qız görüb bəyənmək, sonra oğluna bəyəndirmək 1977-ci ilə qədər gəlib çatırmış. Əgər yazıçı Elçinə inansaq.
Deyəcəksiniz ki, Mahir indi də keçib kinoşünaslığa. Yox, sadəcə yadıma 2015-ci il iyunun 1-dən etibarən nikaha girənlərin məcburi həkim nəzarətindən keçmək haqqında Səhiyyə Nazirliyinin qərarı yadıma düşdü. Elə o vaxtdan da başladılar mütəmadi olaraq statistik məlumatları KİV, qəzet-saytlarda car çəkməyə. Bəs təzə evlənmək istəyənlər arasında filan qədər SPİD, sifilis tapılıb, irsi xəstəliklər aşkar olunub. Bu faktlar həm də bu qanunun vaxtında tətbiq olunmasına və uğur gətirdiyinə dəlalət edir. Alqışlansın? Hə. Gəlin hamılıqla alqışlayaq.
Mən çoxdan evliyəm. Həyatda da çox evlənənlər görmüşəm. Bir az pərdə vardı onda hələ. Qızın qaşının alınıb-alınmamasından bilirdin ki, bu gəlindir, yoxsa qız? Bakirəlik isə yalnız toy gecəsi bilinirdi. "Bəyin oğurlanması” filmində olduğu kimi:
– İndi güllə açılacaq. Bütün kənd gözləyir...
– Nə güllə?
– Bəydadaşın gülləsini deyir də...
Hə, hörmətli oxucu. Yaxşı adət-ənənlərimiz vardı. Yaxşı ki, kinolarımızda az da olsa əksini tapıb. İndi bakirəlik də bir problem deyil axı. Əgər "xəta” törətsən, bunu plastik əməliyyat yoluyla bərpa etdirmək olur. Özü də rəsmi fəaliyyət göstərən klinikalarda. Mən hardan bilirəm? Saytlarda yazılmışdı.
DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır. Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.
Bu yazıda məqsədim bakirəlik və ya bakirəliyin bərpası, el diliylə desəm "tikdirib ərə gedənlər” deyil. Bəs nədir?
Təsəvvür edin ki, cavan bir oğlan bir qıza rast gəlir. İlk baxışdan vurulur ona. Başlayır arxasınca "sürünməyə”. Qızın da oğlandan xoşu gəlir. Dərsdən evə ötürəndə bir dəfə qızın qardaşı tutub çırpır, iki dəfə məhlə uşaqlaırının tələsinə düşüb döyülür. Bu, gənclərin sevgisini soyutmur. Aralarında yaxınlıq yaranır. Yuxusuz gecələr, mesajlı məktublar, feys-də, daha harda yazışmalar, selfilər-melfilər. Bu da bir altı ay çəkir. Təsadüfən qızın telini külək oğlanın qulağına dolayır. Təsadüfən oğlanın dodağı qızın üzünə dəyir... Arxasını danışmıram. Bəlkə şair Qabilin 26 yaşında qələmə aldığı şeirin diliylə deyim?
Vaxt ötüşür, gecә keçir bayaqdan,
İndi anam qalmış evdә nigaran;
Daha bәsdir, gәl ayrılaq, ay oğlan!
Tәklifimi rәdd edәrәk bu dәm sәn:
– Olmaz – olmaz, – deyirsәn.
Yenә qaldı ürәyindә söz daha?
Әllәrini әllәrimdәn üz daha,
Sabahadәk hicranıma döz daha;
Yalvarışla tez boynunu әyirsәn:
– Olmaz – olmaz, – deyirsәn.
Bir az sonra Dan ulduzu gülәcәk,
Dövrәmizdәn qaranlığı silәcәk,
Bütün dünya sirrimizi bilәcәk.
Gәl çәkilәk, gәl qorunaq tәnәdәn!
– Olmaz – olmaz, – deyirsәn.
Biz sәdaqәt timsalıyıq, elәmi?
İki qәlbin vüsalıyıq, elәmi?
Cәsarәtin timsalıyıq, elәmi?
De onda gәl lap günәş dә doğanda,
Qaranlığı ziyasilә boğanda
Bir addım da çәkilmәyәk bu yerdәn
Tәәssüf ki, köks ötürüb yenә sәn:
– Olmaz – olmaz, – deyirsәn.
Televiziya diliylə desək, bu o vaxtın +16 idi. Elə yuxarıda yazdıqlarım da təmiz məhəbbətli, ciddi fikri olan gənclərimizə aiddir. Amma sərhədi keçib toy gecəsini yengəsiz qabaqlayanlar da olur. (Tez-tələsik toy edib, 6 aydan sonra dünyaya 3-4 kiloluq "nedonoşkalar” – yarımçıq uşaq gətirənlər də...)
Xülasə bir il, iki il keçir. Hamı da bilir ki, bunlar "gəzir”. Sonra gənclər bu haqda evdəkilərə deyirlər. Analar, xalalar fəaliyyətə keçir. Elçilik, nişan, bayramlıqlar. Və ən nəhayət 2-3 ildir ki, biri-birini sevən bu gənclərin toy günü təyin olunur. O saat da gedib Nikah evinə ərizə verirlər ki, bəs biz rəsmi nikaha girmək istəyirik. Onlara da deyirlər ki, bəs yeni qanunlara görə, icbari-tibbi müayinədən keçməlidirlər. Keçirlər də...
İndi öz-özümə sual verirəm: bir-birilərini gerçəkdən sevənlər arasında bir xəstəlik aşkarlanarsa, görəsən nə baş verir? Əlbəttə ki, toy olmamış hər şey pozulur. Hər şey acı tarixə və statistikaya çevrilir. "Şükür ki, əvvəlcədən bildik”, "Şükürlər” sözləri könülsüz şəkildə dilləri dolaşır. Bir təsəlliyə çevrilir. Bu sığorta proseduruna hələ ad qoyulmayıb. Hələlik, "evlənməmiş boşananlar” qoyaq adlarını. Əlbəttə ki, qeyri-rəsmi. Nişan qayıdır, toy ləğv olunur. Bir sözlə, iki gənc "xoşbəxt” olmamış, bədbəxt olur. Nişanda, elçilikdə çəkilən fotolar, videolar yandırılır. Deyilən sağlıqlar qarğışa dönür. Bəs ürəyə vurulan yara bununla sağalırmı? Qıza yeni elçilər gəlmir, oğlana da qız verənlər azalır. Çünki heç bir tərəf öz xəstəliyini boynuna almır.
İndi fikirləşirəm ki, təki, qədim dövrlər olardı. Nə oğlan qızı tanıyardı, nə də qız oğlanı. Bax onda bu icbari tibbi-müayinələrin bir əhəmiyyəti olardı. Psixoloji travma almamış. Çünki psixoloji travma SPİD, sifilis, irsi xəstəliklərin hamısından ağrılı, həm də ki, ömürlükdür.
İndi bu analiz götürmənin adını nə qoyaq? Toydan sonra nağara? Yox. "Arxadan vurulan zərbə”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər