Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir
Tarix: 22-01-2026 09:14 | Bölmə: Slayd

Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir

“İran məhkəmə hakimiyyətinin nümayəndələri ölkədəki son etiraz aksiyaları ilə bağlı çıxışlar etməyə başlayıblar. Məhkəmə hakimiyyətinin təmsilçisi Cahangiri etirazlar zamanı həbs edilən şəxsləri “Allaha düşmənçilik” kontekstində gündəmə gətirib. Dini dövlət şəraitində hakimiyyətə qarşı narazılıqlar bir növ Allaha qarşı etiraz kimi təqdim olunur. Yəni bu yanaşmadan belə nəticə çıxır ki, onlar özlərini Allah statusunda görür və faktiki olaraq Allaha şərik qoşurlar”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.

Professor əlavə edib ki, İran məhkəmə xadimlərinin açıqlamalarına görə, etirazlar zamanı həbs edilən şəxslər edam oluna bilər. Onun sözlərinə görə, təxmini hesablamalar iki minə yaxın insanın edam edilə biləcəyini göstərir. C. Nuriyev bu rəqəmin beş min nəfəri də keçməsini mümkün sayır: “Bu məsələlər daha çox İran rəhbərliyindən asılıdır. ABŞ prezidenti Donald Tramp da məhz bu səbəblərdən İranı yenidən hədələyir”.

Nuriyev bildirib ki, özünü şəriət idarəçiliyi ilə təqdim edən İran İslam Respublikası hakimiyyətini qorumaq məqsədilə xalq etirazlarını “Allaha qarşı etiraz” statusuna keçirir. Professorun qənaətincə, bu, olduqca təhlükəli yanaşmadır və İslam dininə xidmət etmir.

“Əslində bu gün Qərb ölkələri də istəyir ki, İran bu etirazları Allaha qarşı addımlar kimi təqdim etsin. İslamın son səmavi din olmasına baxmayaraq, bu cür yanaşmalar dinimizi gözdən salır, onun nüfuzuna ciddi zərbə vurur. Mollaların bu formada təqdimatı Qərbin maraqları ilə də tam uzlaşır”, - deyə Nuriyev fikirlərini yekunlaşdırıb.

Nemət ORUCOV

Reyting.az





Bölməyə aid digər xəbərlər