Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir
Tarix: 22-01-2026 15:05 | Bölmə: Slayd

Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir

Azərbaycan ABŞ lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına üzvlük təklifini qəbul edib. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”ni (“Board of Peace Charter”) də imzalayıb.

Bəs Sülh Şurasında təmsil olunmaq Azərbaycana hansı üstünlüklər qazandıracaq?

Azərbaycanın bu quruma üzvlüyü ilk növbədə ölkəmizin beynəlxalq aləmdə siyasi çəkisini və vasitəçilik imkanlarını artıracaq. Bu platforma qlobal təhlükəsizlik və sülh gündəliyində Azərbaycanın söz sahibi olmasına, milli maraqlarını birbaşa ifadə etməsinə şərait yaradır. Eyni zamanda, üzvlük ölkəmizin balanslı xarici siyasət kursunu və dialoqa açıq tərəfdaş imicini daha da gücləndirir.

Hərbi ekspert Azad İsazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın Sülh Şurasında qurucu üzvlərdən biri kimi təmsil olunması normal və başadüşüləndir.

A. İsazadənin sözlərinə görə, Azərbaycan hər zaman sülh və sabitliyin tərəfdarı olub, bu məqsədlə İraq və Əfqanıstana sülhməramlı kontingent də göndərib:

“Vətən müharibəsindən sonra da Azərbaycan sülh təşəbbüsləri ilə çıxış edir. Əgər ABŞ tərəfindən sülh təşəbbüsü irəli sürülürsə, Azərbaycan təbii olaraq bu prosesdə iştirak edəcək. Üstəlik, bu sahədə müəyyən təcrübəmiz də var. Bu baxımdan Azərbaycanın Sülh Şurasında qurucu üzv kimi çıxış etməsi məntiqlidir”.

Azad İsazadə 

Ekspert qeyd edib ki, sürətlə dəyişən dünyada Azərbaycan fəal mövqe tutmalı və öz maraqlarını qorumağı bacarmalıdır:

“Müşahidələr göstərir ki, Azərbaycan qlobal proseslərdə fəal iştirak edir. Sülh Şurasına dəvətin müsbət qarşılanması da bunun göstəricisidir. Burada Prezident İlham Əliyevin şəxsi nüfuzu, apardığı siyasət və irəli sürdüyü təşəbbüslər mühüm rol oynayır”.

A. İsazadə əlavə edib ki, bəzi mütəxəssislərin fikrincə, D. Tramp bu ideya ilə faktiki olaraq BMT-ni zəiflətmək və onu alternativ mexanizmlə əvəz etmək niyyətində ola bilər: “Bunun nə dərəcədə doğru olduğunu isə zaman göstərəcək”.

Ekspert həmçinin vurğulayıb ki, hazırda ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Onun sözlərinə görə, 907-ci düzəlişin ləğvi istiqamətində də addımlar atılıb və iki ölkə rəsmiləri arasında müsbət dialoqun əsası qoyulub.

“Son 30 ilin təcrübəsi göstərir ki, ABŞ-da respublikaçılar hakimiyyətdə olanda Azərbaycanla münasibətlər nisbətən normal, demokratlar dövründə isə daha gərgin olub. Hazırda Donald Trampın liderliyi ilə Respublikaçı Partiya hakimiyyətdədir və bu da münasibətlərin yüksək səviyyədə olmasına imkan yaradır. Bu proseslər Azərbaycanın milli maraqlarına uyğundur”, - deyə A. İsazadə qeyd edib.

Hərbi ekspert sonda əlavə edib ki, Azərbaycan ABŞ-la əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Nemət ORUCOV

Reyting.az





Bölməyə aid digər xəbərlər