Ukraynaya 12-ci hərbi yardım paketi təsdiqlənib
Tarix: 02-12-2025 10:29 | Bölmə: Dünya


İtaliyanın Ukraynaya 12-ci hərbi yardım paketi ilə bağlı hökumətlərarası qərar qüvvəyə minib.

Reyting.az xəbər verir ki, 14 noyabr tarixli bu qərar İtaliyanın Rəsmi Bülletenində dərc olunub.

İtaliyanın müdafiə naziri tərəfindən, xarici işlər və iqtisadiyyat nazirləri ilə razılaşdırılaraq imzalanmış sənəd Ukraynanın dövlət qurumlarına “hərbi nəqliyyat vasitələrinin, materialların və avadanlıqların verilməsinə” imkan yaradır.

Bu avadanlıqların siyahısı İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış gizli sənəddə göstərilib. Təhlükəsizlik səbəblərinə görə, onun məzmunu əvvəlki hallarda olduğu kimi açıqlanmayıb.

Qərarda qeyd olunur ki, nəqliyyat vasitələri, materiallar və avadanlıqlar “alıcı tərəfə pulsuz verilir”.

Xatırladaq ki, Giorgi Meloni hökuməti 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Kiyevə ümumi dəyəri 2,5–3 milyard avro olan 11 yardım paketi göndərib.

Qeyri-rəsmi məlumatlara görə, İtaliya Kiyevə SAMP/T hava hücumundan müdafiə sisteminin iki batareyasını verib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər