Makron: Sızdırılan məlumatlar həqiqəti əks etdirmir
Tarix: 05-12-2025 19:35 | Bölmə: Dünya

Makron: Sızdırılan məlumatlar həqiqəti əks etdirmir

Fransa prezidenti Emmanuel Makron, özü də daxil olmaqla, əsas Avropa liderləri arasında ABŞ-ın Moskva ilə danışıqlarda Ukrayna və Avropanın maraqlarını qurban verə biləcəyi barədə narahatlıqlar yaratdığı iddia olunan “sızdırılmış” söhbətlə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Reyting.az bildirir ki, Makron bu açıqlamanı Çinə səfəri zamanı Fransa mətbuatına verib.

Prezident bildirib ki, son günlər ortaya çıxan bütün bu şayiələrlə tanışdır:

“Ukrayna məsələsində amerikalılar və avropalılar arasında birlik vacibdir. Mən daim deyirəm, təkrarlayıram və vurğulayıram: birlikdə işləməliyik”, – deyə Makron qeyd edib.

O əlavə edib ki, ABŞ-ın səyləri alqışlanır və dəstəklənir:

“Lakin ABŞ-ın bu sülh səyləri üçün avropalılara ehtiyacı var. Çünki söhbət Avropadakı hadisələrdən gedir: təhlükəsizlik zəmanətlərinin təminatçıları biz olacağıq, sanksiyaları müzakirə edən bizik, Rusiya aktivlərini dondurmuşuq... Bizə inamsızlıq yox, əməkdaşlıq lazımdır - Ukrayna, beynəlxalq hüquq və kollektiv təhlükəsizliyimiz üçün”.

Makron həmçinin bildirib ki, Moskva hazırda real danışıqlarda maraqlı görünmür:

“Sülh istəməyən yeganə tərəf Rusiyadır. Hazırda Rusiyanın danışıqlar masasına əyləşməsi üçün əlverişli vəziyyət yoxdur. Buna görə də Ukraynanın hərbi səylərini dəstəkləmək, sülhə hazırlıq üçün danışıqları davam etdirmək və eyni zamanda, xüsusən də Rusiya iqtisadiyyatına təzyiqi artırmaq lazımdır”.

Xatırladaq ki, Almaniyanın “Spiegel” nəşri Avropa liderləri, NATO baş katibi və Ukrana prezidenti Zelenskinin iştirak etdiyi telefon danışığının transkriptini əldə etdiyini bildirib. Mənbəyə görə, Fransa və Almaniya liderləri ABŞ-ın Kremllə potensial sülh müqaviləsi üzrə danışıqlarda “Ukraynaya və Avropaya xəyanət edə” biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Məqalənin dərcindən sonra Makronun ofisi bu ifadələrin orijinal söhbətdə bu şəkildə işlədilmədiyini bəyan edib.

“Wall Street Journal” isə yazır ki, avropalılar Zelenskini etibarlı ABŞ təhlükəsizlik zəmanətləri olmadan Rusiyaya heç bir güzəştə getməmək barədə xəbərdar ediblər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər