42 vətəndaş Rusiyanın iki dövlət qurumunu məhkəməyə verib
Tarix: 24-12-2025 00:08 | Bölmə: Dünya

42 vətəndaş Rusiyanın iki dövlət qurumunu məhkəməyə verib

Rusiyanın 42 vətəndaşı "WhatsApp"da və "Telegram"da zənglərin bloklanmasına görə "Roskomnadzor" ilə Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyini məhkəməyə verib. İddia ərizəsi dekabrın 23-də Moskvanın Taqanski məhkəməsinə təqdim olunub.

Reyting.az-ın məlumatına görə, iddiaçılar hesab edirlər ki, bu ölkənin vətəndaşları kimi onların zənglərinin dövlət qurumları tərəfindən məhdudlaşdırılması Konstitusiya ilə qorunan hüquqlarını, yəni məlumatın alınması, ötürülməsi azadlığını, rabitənin və şəxsi həyatın toxunulmazlığını pozur.

Şikayətçilər bildiriblər ki, Rusiya Mərkəzi Bankının son məlumatlarına görə, dələduzluqlar əsasən mobil zənglər, eləcə də SMS vasitəsilə törədilir və messencerlər əsas kanal deyil.

"Roskomnadzor" və Rəqəmsal İnkişaf Nazirliyi vətəndaşların iddiasına hələ ki, münasibət bildirməyib.

Məlum olduğu kimi, adıçəkilən qurumlar 2025-ci ilin avqust ayından "WhatsApp", "Telegram" vasitəsilə olan zəngləri məhdudlaşdırmağa başlayıb. Belə bir addımın atılması terrorçuluq və dələduzluq riskləri ilə əlaqələndirilir. Qəbul edilmiş bu qərarın hələ yaxın illər ərzində qüvvədə qalacağına işarə edən "Roskomnadzor"dan bildiriblər ki, messencerlərə də xəbərdarlıq olunub və əgər tələblər yerinə yetirilməzsə, bu sosial platformalar tam bloklanacaq.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər