Səfirlik binasının altında 208 otağı olan gizli tikili var
Tarix: 13-01-2026 15:50 | Bölmə: Dünya

Səfirlik binasının altında 208 otağı olan gizli tikili var

Britaniya mətbuatı Çinin Londondakı yeni səfirlik binasının altında tikməyi planlaşdırdığı gizli yeraltı komplekslə bağlı təəccüblü sənədlər əldə edib.

Reyting.az xəbər verir ki, “Telegraph” qəzetinin açıqladığı senzurasız planlara görə, səfirliyin ərazisində cəmi 208 gizli otaq olacaq və bu otaqlardan biri Britaniyanın ən həssas maliyyə məlumatlarını daşıyan fiber optik kabellərin yanında tikiləcək.

Qəzetin əldə etdiyi sənədlər ilk dəfə Pekin administrasiyasının indiyə qədər ictimaiyyətdən gizlətdiyi yeraltı tikilinin təfərrüatlarını ortaya qoyur. Görünür, Londonun mərkəzindəki keçmiş Kral Zərbxanasının ərazisində tikilməsi planlaşdırılan nəhəng diplomatik kompleksin altında yerləşən gizli otaqlardan biri Londondakı milyonlarla internet istifadəçisinin e-poçt və mesaj trafiki üçün məlumat daşıyan kabellərin birbaşa yanında olacaq.

Planlara görə, bu gizli otaq Mansell küçəsinə baxan zirzəmi divarının sökülməsini və yenidən qurulmasını nəzərdə tutur. Bu, Çin rəsmilərinə fiber optik kabellərdən bir metrdən az məsafədə işləməyə imkan verəcək. Sənədlərdə bu kabellərin BT Openreach, Colt Technologies və ABŞ-da yerləşən Verizon Business şirkətlərinə məxsus olduğu bildirilir. Bu xətlər London İnternet Mübadiləsi (LINX) şəbəkəsinin onurğasını təşkil edir və Doklandsdakı məlumat mərkəzlərini Londonun digər hissələrinə və daha sonra ABŞ-a birləşdirir.

Mütəxəssislərin fikrincə, LINX dünyanın ən böyük internet mübadilə məntəqələrindən biridir. Bank pul köçürmələrindən və əmək haqqından tutmuş onlayn alış-verişə və elektron poçtlara qədər Böyük Britaniya iqtisadiyyatının ən həssas məlumatları bu kabellər vasitəsilə ötürülür.

Sənədlərdə həmçinin gizli otaqda isti hava çıxış sistemlərinin yerləşəcəyi göstərilir. Bu, yüksək temperatur yaradan qabaqcıl kompüter sistemlərinin içəridə yerləşə biləcəyi ehtimalını artırır.

Surrey Universitetinin kibertəhlükəsizlik üzrə mütəxəssisi professor Alan Vudvord deyib ki, Çin zirzəmidə nə ediləcəyini açıqlamayıb:

“Bu məkan qanuni olaraq gizli rabitə avadanlığı üçün istifadə edilə bilər. Lakin bu cür strukturlar bir çox fərqli məqsədləri gizlədə bilər. Kabellərə bu qədər yaxın olmaq dinləmə və məlumat sızması ehtimalını əhəmiyyətli dərəcədə artırır”.

Aşkarlanan sənədlər Britaniya siyasətində yeni bir təhlükəsizlik müzakirəsinə səbəb olub. Milli təhlükəsizlik naziri Alisiya Kerns bildirib ki, səfirliyin təsdiqlənməsi Çinə “Britaniyanın vacib infrastrukturunun mərkəzində iqtisadi müharibə üçün başlanğıc meydançası” verəcək.

Bütün təhlükəsizlik narahatlıqlarına baxmayaraq, Böyük Britaniya baş naziri Keir Starmerin Çinə səfərindən əvvəl layihəni təsdiqləməsi gözlənilir. Lakin hökumət təhlükəsizlik risklərinin müvafiq qurumlar tərəfindən qiymətləndirildiyini bildirir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər